Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində faciə qurbanlarının ailə üzvlərindən bir qrupu, habelə faciənin şahidləri olan müharibə veteranları ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliamın insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb. Həmin faciə zamanı içərisində 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin olduğu 613 azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, yüzlərlə sakinin ağır xəsarətlər aldığı bildirilib.
Qeyd olunub ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Ermənistanın işğalından azad edib. 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri ilə Qarabağda erməni separatizminə son qoyulub, o cümlədən Xocalı şəhəri separatçılardan tam təmizlənib.
Soyqırımı qurbanlarının ailə üzvləri, faciə şahidləri 33 il bundan əvvəl erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs ediblər.
Görüş zamanı xocalıların sosial müdafiəsi, faciə zamanı şəhid olanların ailələrinin, yaralanaraq əlilliyi müəyyən edilmiş insanların sosial təminatla əhatə olunması sahəsində görülən işlər diqqətə çatdırılıb.