Xocalı soyqırımı qurbanlarının xatirəsi Brüsseldə də yad edilib
Brüssel, 23 fevral, AZƏRTAC
Belçikanın Gent şəhərində Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Gent Türk Ocağı, “Met Steun van FZO-VL” təşkilatı (Öz Dərnəklər Federasiyası) və TÜRKSAM-ın təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar sərgi və konfrans keçirilib.
Konfransda çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və həmin hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşi akt kimi dəyərləndirib. Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqəti yönəldib və bunun xalqımızın sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov, Türkiyənin Antverpen şəhərindəki konsulu A.Sevim, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri A.Dəmirçi, Gent Türk Ocağının rəhbəri Erdal Böcük və başqaları XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından, erməni vəhşiliklərindən danışıb, Azərbaycan həqiqətlərinin Avropa, dünya ictimaiyyətinə çatdırılmasında türk xalqlarının dəstəyinin vacibliyini qeyd ediblər. Onlar Xocalı qətliamının təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədildiyini qeyd edib, Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıblar.
Konfrans və sərgi Belçikada fəaliyyət göstərən türkdilli KİV-lərdə geniş işıqlandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel