XRİSTOFOR KOLUMB OSMANLI İMPERİYASININ CASUSU OLUB?
“Yeni Şəfəq” qəzeti 26 iyul tarixli nömrəsində yazır: “Yurdsevər həmçinin bu fikirdədir ki, türklər Amerikanı Kolumbdan 25 il əvvəl kəşf etmiş və orada öz məskənini yaratmışlar. Bununla əlaqədar o hesab edir ki, səhvi düzəltmək və dünya tarixini yenidən yazmaq lazımdır”.
Yurdsevər Kolumbun Osmanlı imperiyasına işlədiyi barədə qənaətə XVI əsr türk donanmasının məşhur admiralı və görkəmli coğrafiyaçı Piri Rəisin çəkdiyi xəritənin kənarlarındakı rəmzlərin və qeydlərin öyrənilməsi əsasında gəlmişdir. Xəritə XIX əsrin axırlarında İstanbulda, Osmanlı sultanlarının Topqapı sarayının kitabxanasında tapılmışdır.
Yurdsevər deyir: “Piri Rəisin 1513-cü ilə aid xəritəsindəki rəmzləri, qeyd və yazıları oxuyaraq, müəyyən məlumatlar aldım. Onların öyrənilməsi və təhlili nəticəsində belə qənaətə gəldim ki, Kolumb Osmanlı imperiyasına işləmiş elmi casus olmuşdur”.
Onun sözlərinə görə, Kolumbun 1492-1503-cü illərdə dəniz səyahətləri barədə bütün məlumat İspaniyaya deyil, ilk növbədə, İstanbula göndərilirdi.
Bu, Kolumbun casusluq fəaliyyəti haqqında ilk ehtimal deyildir.
Bir neçə il əvvəl italyan tarixçisi Rucero Marino bildirmşdi ki, Kolumb Amerikanı, adətən, hesab olunduğu kimi, 1492-ci ildə deyil, bundan yeddi il əvvəl kəşf etmişdi və “Yeni dünya”nı fəth etməyə Roma Papası İnnokentinin gizli göstərişi ilə yola düşmüşdü. Marino sözünə qüvvət olaraq Piri Rəisin İstanbulda saxlanılan xəritəsindəki bu qeydləri misal gətirmişdir: “Amerika qitəsini genuyalı gavur Hicri ilə 890-cı ildə kəşf etmişdir”. Bu, xristian tarixi ilə 1485-ci ildir.