Xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ekskursiya ediblər
Ağstafa, 4 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlarda tarixi-mədəni irsə marağın formalaşdırılması, onların sosial adaptasiyasının dəstəklənməsi və mədəni mühitdə fəal iştirak imkanlarının genişləndirilməsidir.
Ekskursiya çərçivəsində iştirakçılar qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli stendlə tanış edilib, Keşikçidağ ərazisinin tarixi mərhələləri, maddi-mədəniyyət nümunələri və arxeoloji irsi barədə məlumatlar təqdim olunub. Qoruğun əməkdaşları tərəfindən verilən izahlar uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış şəkildə aparılıb.
Maarifləndirmə mərhələsindən sonra uşaqlar interaktiv fəaliyyətlərə cəlb olunub, dəyirmi masa formatında keçirilən yaradıcı məşğələlər zamanı rəngləmə fəaliyyəti həyata keçirilib və əyləncəli intellektual suallar vasitəsilə onların biliyi möhkəmləndirilib. Tədbirin yekununda iştirakçıların hər birinə sertifikat və xatirə xarakterli hədiyyələr təqdim edilib.
Görüş çay süfrəsi ətrafında səmimi ünsiyyət və xoş təəssüratlarla başa çatıb.
Bildirilib ki, bu cür təşəbbüslər inklüziv təhsil və sosial inteqrasiya baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, uşaqlarda milli-mədəni irsə hörmət və bağlılıq hissinin formalaşdırılmasına töhfə verir.