“YADDAN ÇIXMAZ QARABAĞ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Əvvəlcə Qarabağa həsr olunmuş musiqilərdən və şeirlərdən parçalar, mahnılar səsləndirilmişdir.
Milli Məclisin deputatlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Yasamal rayon ictimaiyyətinin də iştirakı ilə keçirilən tədbiri xalq artisti Nurəddin Mehdixanlı açaraq bildirmişdir ki, oktyabrın 25-dən başlayaraq “Yaddan çıxmaz Qarabağ” adlı ümumrespublika mədəni-siyasi aksiya-incəsənət həftəsi keçirilir. Bu aksiyaya təkcə Bakıdakı mədəniyyət müəssisələri deyil, respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən mədəniyyət ocaqları da qoşulmuşlar. Hazırkı tədbirin də incəsənət həftəsi çərçivəsində keçirildiyini xatırladan N.Mehdixanlı Qarabağın unudulmaması məqsədi ilə həyata keçirilən bu aksiyaya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov cıxış etmişlər. Xatırladılmışdır ki, incəsənət həftəsi çərçivəsində artıq Azadlıq meydanında “Qarabağ uşaqların gözü ilə” asfalt üzərində rəsm müsabiqəsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Kütləvi informasiya vasitələri nümayəndələri üçün dəyirmi masa, “Yaddan çıxmaz Qarabağ” adlı kitab sərgisi keçirilmiş, Azərbaycan Dövlət Filarmoniyasında mərhum bəstəkarımız Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası səsləndirilmişdir. Bu tədbirlərdə bir daha diqqətə çatdırılmışdır ki, Qarabağ heş vaxt yaddan çıxmayacaq, bir qarış torpağımız da düşmənə verilməyəcəkdir.
Natiqlər Azərbaycanın müstəqillik qazanmasında, onun dövlətçiliyinin yaradılmasında və qorunub saxlanılmasında, iqtisadi inkişafın sürətli inkişafında ümummilli liderimiz Heydər Əliyevin, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusu vurgulamış, dövlətimizin başçısının belə bir fikrini qabartmışlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz, biz öz ərazimizdə ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı ola bilmərik.
İştirakçılar teatrın foyesində Yasamal Rayon İcra Hakimiyyətinin Qarabağ mövzusunda təşkil etdiyi sərgi ilə tanış olduqdan sonra Hüseynbala Mirələmovun “Xəcalət” dramınının tamaşasına baxmışlar.