YAP Nizami rayon təşkilatının yaranmasının 20 illik yubileyi “Eko-park”da qeyd olunmuşdur
Bakı, 2 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 və partiyanın Nizami rayon təşkilatının 20 illik yubileyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Eko-park”ında qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin “Eko-park”dakı büstü önünə tər çiçəklər düzmüşlər.
Sonra rayon təşkilatının yubileyi münasibətilə ağac əkilmişdir.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın yaranma tarixdən və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışmışdır.
Sədr qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçmişdir. Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilmişdir.
Bildirilmişdir ki, 1993-ci ildə yaradılmış Nizami rayon təşkilatı böyük inkişaf yolu keçmiş, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, bütün dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevə inamdan irəli gəlir. Elə bunun nəticəsidir ki, bu gün YAP Nizami rayon təşkilatı 140-a yaxın ərazi ilk partiya təşkilatlarında 10 min 314 nəfəri birləşdirir.
S.Vəliyeva vurğulamışdır ki, YAP Nizami rayon təşkilatı hər zaman olduğu kimi, bu il keçirilən prezident seçkilərində də yüksək fəalllıq nümayiş etdirmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının “Ekologiya” ərazi ilk partiya təşkilatının sədri Azər Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın uğurla fəaliyyət göstərdiyini və regionun ən güclü siyasi qüvvəsinə çevrildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, 2007-ci ildə ilk təsis iclasını keçirən “Ekologiya” ərazi ilk partiya təşkilatının sıralarında hazırda əksəriyyəti gənc olmaqla 200-dək üzv birləşmişdir.
Tədbirdə partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilmiş və rayonun ictimai-siyasi həyatında faəllıq göstərənlərə fəxri fərman verilmişdir.