YAP Şərur rayon təşkilatında iclas keçirilmişdir
Naxçıvan, 4 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının növbəti şura iclası keçirilmişdir. Yığıncaqda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri müzakirə olunmuş, cari ilin ilk doqquz ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev ölkəmizdə keçirilən növbəti prezident seçkilərinin nəticələrini şərh etmiş, İlham Əliyevin yenidən mütləq üstünlüklə dövlətimizin başçısı seçilməsini siyasi reallığın möhtəşəm qələbəsi adlandırmışdır.
Qeyd olunmuşdur ki, Şərur rayonunda 9 oktyabr prezident seçkilərində iştirak edən 56 min 186 nəfər seçicidən 50 min 843 nəfəri, yəni 90,5 faizi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs vermişdir. Beləliklə, bölgənin sakinləri ümummilli liderin siyasi xəttinə sadiq olduqlarını və bu siyasi kursu layiqincə davam etdirən Prezident İham Əliyevi hər zaman dəstəklədiklərini növbəti dəfə nümayiş etdirmişlər.
Qeyd olunmuşdur ki, YAP Şərur rayon təşkilatının tərkibində 162 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bunlar 63 kənd ərazi ilk təşkilatı, 64 məktəb və 35 idarə-müəssisə ilk təşkilatlarıdır. Rayon təşkilatı bu ilin ötən 9 ayında iş planına uyğun olaraq, 3 şura, 10 idarə heyəti yığıncağı keçirmiş, eyni zamanda əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin təşkili diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Şərur rayonunda “Heydər Əliyev lektoriyası”nın məşğələləri, dəyirmi masalar, yaradıcı gənclərin əl işlərindən ibarət sərgilər, müxtəlif səpgidə idman yarışları təşkil olunur.
Ə.Babayev qarşıda duran vəzifələrə də toxunaraq qeyd etmişdir ki, təşkilatın əsas vəzifəsi əhali arasında ideya-siyasi işi daha da gücləndirməkdən ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etməlidir.
Tədbirdə ərazi ilk təşkilat sədrləri çıxış etmiş, müzakirələr aparılmışdır.