YAP YASAMAL RAYON TƏŞKİLATININ ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR ETDİYİ İDMAN YARIŞLARINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, yarışın qaliblərini mükafatlandıran BDU-nun rektoru Abel Məhərrəmov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirmişlər ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində ümummilli lider bədən tərbiyəsi və idmanın inkişafını daim diqqət mərkəzində saxlamış, ona böyük qayğı göstərmişdir. Məhz ümummilli liderimizin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda idmanın zəngin ənənələri yaranmış və idmanın kütləviliyi təmin edilmişdir.
Natiqlər vurğulamışlar ki, müstəqilliyimizin memarı olan Heydər Əliyevin yubileyini bütün dünya azərbaycanlıları böyük təntənə ilə qeyd edirlər. Yasamal rayonunda artıq bir neçə ildir ki, ümummilli liderin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bugünkü turnir də bu tədbirlər sırasında ən önəmlilərindəndir.
Bildirilmişdir ki, bir aya yaxın müddətdə davam edən turnirdə iştirakçılar futbol, voleybol, basketbol, şahmat və stolüstü tennis üzrə mübarizədə qüvvələrini sınamışlar.
Qalib komandalara kubok, fəxri fərman, diplom, medal və pul mükafatı təqdim edilmişdir.