İQTİSADİYYAT
Yaponiya Kosmik Agentliyi Azərbaycanın “Artemis” layihəsinə qoşulmasına dəstək olmağa hazırdır
Bakı, 3 oktyabr, AZƏRTAC
“Artemis” layihəsinə 29 ölkə qoşulub. Biz Azərbaycanın da bu layihədə iştirakından şad olardıq və bu istiqamətdə dəstək verməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə NASA-nın mətbuat konfransında Yaponiya Kosmik Agentliyinin prezidenti Hiroşi Yamakama söyləyib.
Yaponiya Kosmik Agentliyi ilə Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") arasında əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan H.Yamakama deyib: “Əgər Azərbaycan “Artemis” layihəsinə qoşulmaq istəyərsə, biz həm birinci, həm də ikinci fazada məlumatları onlarla bölüşməyə hazırıq”.
Qeyd edək ki, “Artemis” Ayın səthinin öyrənilməsi proqramıdır. “Artemis 1” raketi keçən il noyabrın 16-da Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb. Bu, “Orion” kosmik gəmisinin və “Space Launch System” buraxılış raketinin ilk inteqrasiya olunmuş uçuş sınağıdır.