RƏSMİ XRONİKA
YAPONİYA XARİCİ TİCARƏT TƏŞKİLATININ SƏDRİ OSAMU VATANABE İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Tokioda, onun üçün ayrılmış iqamətgahda Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) sədri Osamu Vatanabeni qəbul etmişdir.
Dövlətimizin başçısını Yaponiyada görməkdən böyük şərəf duyduğunu bildirən cənab Osamu Vatanabe Tokioda Azərbaycan-Yaponiya iqtisadi forumunun keçirilməsini yüksək qiymətləndirdi, Prezident İlham Əliyevi martın 8-də Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı münasibətilə təbrik etdi.
JETRO-nun sədri sonra rəhbərlik etdiyi təşkilatın tarixi barədə məlumat verdi. O xatırlatdı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında birbaşa əlaqələr yaranmışdır və inkişaf edir. İlham Əliyevin prezident seçilməsindən sonra həyata keçirilən islahatlar Azərbaycanın daha sürətlə inkişafına imkan yaratmışdır.
Osamu Vatanabe 2001-ci ildə JETRO-nun xətti ilə Azərbaycanda və digər Qafqaz ölkələrində keçirilən sərgilərin böyük rəğbətlə qarşılandığını bildirdi. O dedi ki, 1958-ci ildə yaradılmış JETRO qeyri-kommersiya təşkilatıdır və hökumətin himayəsi altında fəaliyyət göstərir. Onun əsas vəzifəsi beynəlxalq ticarətin sürətli inkişafına nail olunması üçün xarici ölkələrlə əlaqələri möhkəmləndirməkdir.
Prezident İlham Əliyev JETRO-nun fəaliyyətindən xəbərdar olduğunu bildirdi və bu təşkilatla əməkdaşlığın Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf etdirilməsi üçün yeni imkanların aça biləcəyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın potensial iqtisadi imkanları haqqında da danışdı və Yaponiya şirkətlərinin ölkəmizdə bir çox layihələrdə iştirak etdiklərini xatırlatdı. Prezident İlham Əliyev beynəlxalq ticarətin inkişafı üçün tranzit yolların əhəmiyyətini vurğulayaraq, Böyük İpək yolunun bərpasına da toxundu, Azərbaycanın bu beynəlxalq layihəyə üstünlük verdiyini bildirdi və bununla əlaqədar Bakıda vaxtilə beynəlxalq konfrans da keçirildiyini xatırlatdı.