Yaponiyada fövqəladə vəziyyət elan edilən prefekturaların qubernatorları hökumətdən yardım istəyəcəklər
Tokio, 8 aprel, AZƏRTAC
Yaponiyada fövqəladə vəziyyət rejimi elan edilən prefekturaların qubernatorları COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin vurduğu ziyana görə mərkəzi hökumətdən yardım istəyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Milli Qubernatorlar Assosiasiyasının aprelin 8-də keçirilən iclasında qəbul edilib.
İclas zamanı Baş Nazir Şinzo Abe tərəfindən fövqəladə vəziyyət rejiminin elan olunduğu yeddi prefekturanın qubernatoru mövcud vəziyyəti və görüləcək tədbirləri müzakirə ediblər.
İştirakçılar arasında Tokionun qubernatoru xanım Koike Yuriko və Osakanın qubernatoru Yoşimura Hirofumi də olub.
Qubernatorlar fövqəladə vəziyyətlə əlaqədar əsas təkliflərin işlənməsi barədə razılığa gəliblər. Həmin təkliflərə əsasən, ilk növbədə, mərkəzi hökumətə kütləvi tədbirlərə və kommersiya fəaliyyətinin digər növlərinə görə dəyə biləcək zərəri qarşılamaq üçün kompensasiyaların ödənilməsi çağırışı ediləcək.
Onlar, həmçinin mərkəzi hökumətdən tibbi xidmətin yaxşılaşdırılmasını da xahiş edəcəklər.
Bundan əlavə, qubernatorlar fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu prefekturalarda yaşayan sakinlərə müraciət edərək, onları evdə qalmağa çağırıblar. Eyni zamanda, digər prefekturaların sakinlərindən həmin ərazilərə gəlməmək xahiş edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio