Yaponiyada növbədənkənar seçkilər və gözləntilər
Tokio, 29 sentyabr, AZƏRTAC
Gözlənildiyi kimi, sentyabrın 28-də parlamentin aşağı palatası buraxıldıqdan sonra Yaponiya hökuməti ümumi seçkiləri oktyabrın 22-ə təyin etdi.
Yaponiya qanunvericiliyinə əsasən parlamentin aşağı palatasına seçkilərdə səslərin çoxunu toplayan partiyanın lideri hökumətə rəhbərlik edir. Seçkilərin tarixi barədə qərar hökumətin aşağı palata buraxıldıqdan yarım saat sonra keçirilən iclasında qəbul edilib. İclasda seçki kampaniyasına oktyabrın 10-da start veriləcəyi elan edilsə də, bu kampaniya demək olar ki, sentyabrın 25-də başlayıb. Belə ki, həmin gün axşam keçirilən mətbuat konfransında Baş nazir Şinzo Abe parlamentin aşağı palatasını buraxmaq niyyətində olduğunu açıqlayıb. Baş nazirin hesablamalarına görə, gələn ilin dekabrında gözlənilən seçkilərin daha münasib məqamda keçirilməsi hakim koalisiya üçün uğurlu nəticələr vəd edir. Belə ki, cari yayda reytinqi 30 faizədək düşən hakim Liberal Demokratik Partiyanın (LDP) nüfuzu müntəzəm şəkildə artır, müxalifətdə isə birlik demək olar ki, yoxdur. Tanınmış siyasətçilər əsas müxalif partiya sayılan Demokratik Partiyanı (DP) bir-birinin ardınca tərk edirlər.
Lakin Baş nazirin geriyə yolu olmayan hesablamalarında qabaqcadan nəzərdə tutulmayan bir məqamın meydana çıxması müəyyən çaşqınlıq yaradıb. Bu, Ş.Abenin sentyabrın 25-də keçirilən mətbuat konfransından bir neçə saat əvvəl Tokio qubernatoru Yuriko Koike tərəfindən yeni siyasi qüvvənin - “Ümid” Partiyasının yaradılmasıdır.
Xatırladaq ki, Tokio qubernatoru ilə hakim LDP arasında qarşıdurma ötən ilin yayında qubernator seçkiləri zamanı başlayıb. Həmin vaxt LDP üzvü olan Y.Koike Tokio qubernatoru vəzifəsi uğrunda mübarizəyə başlayacağını elan etmişdi. Lakin LDP başqa namizəd irəli sürərək, Y.Koikedən namizədliyini geri götürməyi tələb etmişdi. Gərgin mübarizə nəticəsində Y.Koike qalib gəlib və Tokionun qubernatoru vəzifəsini tutub. Cari ilin yayında isə Tokio assambleyasına seçkilər ərəfəsində Y.Koike LDP üzvlüyündən çıxdığını və “Hər şey tokiolular üçün” Partiyasını yaratdığını elan etmişdi. Paytaxt qubernatorunun rəhbərlik etdiyi partiya digər rəqiblərini darmadağın edərək paytaxt assambleyasında böyük üstünlük qazanıb.
Bu məqamda indiyədək əsas müxalif partiya hesab edilən DP-nin yeni rəhbərliyinin yeritdiyi siyasət Yaponiyanın siyasi dairələrində birmənalı qarşılanmayıb, eyni zamanda, hakim koalisiyada müəyyən çaşqınlığa səbəb olub. Belə ki, sentyabrın 28-də parlamentin aşağı palatasının buraxılmasını gözləmədən DP rəhbərliyi onun üzvlərinin “Ümid” Partiyasının namizədləri kimi qarşıdakı seçkilərdə iştirak edəcəyini bəyan edib.
Bununla yanaşı, Tokio qubernatoru Yaponiya Həmkarlar İttifaqlarının dəstəyini də qazanıb. Bu təşkilatın təxminən 20 min seçici səsi gətirəcəyi gözlənilir.
Yaranmış indiki vəziyyətdə hakim koalisiyanı sakitləşdirə biləcək yeganə məqam Y.Koikenin namizəd olaraq aşağı palatadan seçkilərə qatılmayacağı və bütün diqqətini əsas vəzifə kimi 2020-ci il Tokio Olimpiadasının yüksək səviyyədə təşkilinə yönəldəcəyi barədə bəyanatıdır.
Yaponiya siyasi elitasında son bir ildə gözlənilməz gedişləri ilə sürprizlər müəllifi kimi tanınan Y.Koikenin seçkiöncəsi kampaniya zamanı hansı qərarı qəbul edəcəyini və hansı addımları atacağını demək, fikrimizcə, hələ tezdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio