Yaponiyanın Baş naziri hakim partiyanın üzvlərini “yeni kapitalizmlə” bağlı debatlara çağırıb
Tokio, 25 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida rəhbəri olduğu Liberal Demokratik Partiyanın (LDP) üzvlərini onun “yeni kapitalizm” adlandırdığı iqtisadi siyasətinin həyata keçirilməsi yollarını fəal müzakirəyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir belə bir çağırışla noyabrın 25-də özünün rəhbərlik etdiyi LDP-nin işçi qrupunun əsas məqsədə aparan siyasi xəttin müzakirələrinə həsr olunan ilk iclasında çıxışı zamanı müraciət edib. İşçi qrupun iclasında parlamentin təqribən 80 deputatı da iştirak edib.
F.Kişida bildirib ki, hazırda bütün dünya orta təbəqənin etibarlı şəkildə qorunduğu, özəl şirkətlərin və hökumətin cəsarətlə investisiyalar qoyduğu yeni sosial-iqtisadi sistemin axtarışındadır. Bu məqsədlə o, hökumətin elm və texnologiyalar, rəqəmsal və iqtisadi təhlükəsizlik sahələrinə cəsarətlə investisiyalar yönəltdiyi, cəmiyyətin inkişafın bəhrələrini hiss etdiyi tərəqqi və bölgünün yeni mexanizmini işə salmaq niyyətindədir.
Baş nazir əlavə edib ki, hazırda xüsusi hökumət komissiyası onun gələn ilin yazından həyata keçirilməsinə başlamağı planlaşdırdığı nəhəng “yeni kapitalizm” planı üzərində çalışır. Onun fikrincə, partiyanın işçi qrupunun üzvləri debatlarda fəal iştirak edərək hökumət komissiyasına müvafiq təkliflərini təqdim etməlidirlər.
İclasda iştirak edən LDP-nin Baş katibi Toşimitsu Moteqi deyib ki, müasir dövrün tələblərinə uyğun olaraq, kapitalizm də dəyişikliklərə uğramalıdır. Bu məqsədlə işçi qrupun üzvləri hökumət komissiyası ilə birlikdə yeni kapitalizmlə bağlı diskussiyaları davam etdirməlidirlər.
Bildirilir ki, LDP-nin işçi qrupu mütəxəssislərin rəylərini dinlədikdən sonra öz konkret təkliflərini hökumət komissiyasına təqdim edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio