Yaponiyanın “Hokkaydo Shimbun” qəzeti Azərbaycanın Zəfər Gününə xüsusi məqalə həsr edib
Tokio, 10 noyabr, AZƏRTAC
Yaponiyanın nüfuzlu “Hokkaydo Shimbun” qəzeti Azərbaycanın Zəfər Gününə həsr olunan xüsusi məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Dağlarda yenidənqurma - Azərbaycanın qayıdışının bir ili” adlı məqalədə müəllif, tanınmış jurnalist Norisada Takaşi işğaldan azad edilən ərazilərə səfəri və burada gördükləri barədə təəssüratlarını oxucularla bölüşür. Qeyd edir ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, 30 ilə yaxın bir dövrdə işğal altında saxladıqları torpaqları Azərbaycan bir il bundan əvvəl azad edib. Keçmiş Sovet İttifaqının dağılmasından sonra uzun müddət işğal edilmiş bu əraziləri geri qaytaran Azərbaycan rəhbərliyi burada geniş quruculuq və bərpa işlərinə başlayıb. Bu işlər tezliklə əvvəllər bu ərazilərdə yaşamış insanların doğma yurdlarına qayıdışına şərait yaradacaq.
Azərbaycan rəsmiləri ilə birlikdə Qarabağın dilbər guşəsi hesab edilən Şuşa şəhərinə səfər barədə yazan müəllif qeyd edir ki, məhz bu şəhərin azad olunması ilə döyüşlər başa çatıb. Ermənistan kapitulyasiya barədə üçtərəfli Bəyanatı imzalayıb.
Şuşanın dağlar qoynunda, gözəl bir məkanda yerləşdiyini qeyd edən yapon jurnalist burada onun diqqətini, ilk növbədə, yüksəklikdə dalğalanan Azərbaycan bayrağının cəlb etdiyini vurğulayıb. Hadisələrin tarixi barədə məlumat verərək, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ermənilərin bu əraziləri işğal etdiyini bildirir.
Ötən ilin sentyabrında başlayan müharibənin yekunu olaraq noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan Şuşa da daxil olmaqla, ərazilərinin böyük hissəsini geri qaytarıb.
Məqalədə müəllif Şuşada aparılan böyük quruculuq işləri barədə də oxuculara məlumat verir. Burada yaşayış infrastrukturunun bərpa edildiyini bildirir. Azərbaycanlılar üçün bunun sonsuz sevinc olduğunu vurğulayır. Keçmiş məcburi köçkünlərin təxminən il yarımdan sonra doğma torpaqlarına qayıdacaqlarını qeyd edir. Şəhərin erməni işğalı altında olduğu dövrdə burada həyatın sanki donduğuna, heç bir quruculuq işlərinin aparılmadığına diqqət çəkir. Əksinə, azərbaycanlılara məxsus tarixi və dini abidələrin dağıdıldığını vurğulayır.
Məqalədə müəllif noyabrın 8-də Zəfər Gününün birinci ildönümü ilə əlaqədar Bakıda və Şuşada təşkil edilən şənliklər barədə də məlumat verilir. Bayram iştirakçılarının “Qarabağ Azərbaycandır!” şüarını səsləndirdiklərini, əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutduqları qeyd edilir. Bildirilir ki, sarsıdıcı məğlubiyyətə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərində basdırılan minaların xəritələrini hələ də qarşı tərəfə təqdim etməyib.
Məqaləyə müəllif tərəfindən Bakıda və Şuşada çəkilən fotolar da əlavə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio