Yaponiyanın yeni müxalifət partiyasında seçki kampaniyası başlayıb
Tokio, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Yaponiyanın yeni müxalifət partiyasında seçki kampaniyasına start verilib. Yeni partiya Konstitusiyalı Demokratlar və Xalq Üçün Demokratiya partiyalarının birləşməsi nəticəsində yaranacaq.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, yeni partiyanın lideri vəzifəsi uğrunda Konstitusiyalı Demokratlar Partiyasının sədri Edano Yukio və Xalq Üçün Demokratiya Partiyasının siyasi tədqiqatlar komitəsinin sədri İzumi Kenta mübarizə aparacaqlar.
Bazar günü jurnalistlərlə görüşən Edano Yukio bildirib ki, əgər o, yeni partiyanın sədri seçilərsə, qadınların, gənclərin və yaşlı nəslin fəal qoşula biləcəyi yeni sistem yaratmaq istəyir.
İzumi Kenta isə deyib ki, o, insanların səsini dinləyəcək açıq siyasi təşkilat yaratmaq niyyətindədir.
Namizədlərin parlamentin aşağı palatasına növbəti seçkilərlə bağlı partiyanın siyasəti, həmçinin koronavirus dövründə iqtisadi tədbirlər barədə rəy mübadiləsi aparacağı gözlənilir.
Sentyabrın 10-da keçiriləcək sədr seçkilərində parlamentin hər iki partiyadan olan 140 deputatının iştirak edəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio