İQTİSADİYYAT
“Yaraq-Qazmalar” buraxılış məntəqəsində yenidənqurma işləri 80 faiz yerinə yetirilib
Moskva, 14 iyun, AZƏRTAC
Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsinin yenidən qurulması işləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, yenidənqurma işlərinin 80 faizi yerinə yetirilib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə daxil olan “Yaraq-Qazmalar” sərhəd-buraxılış məntəqəsi Azərbaycan, İran və Hindistana yüklərin daşınmasını təmin edir.
Layihə çərçivəsində 30-dan çox yeni bina tikilib. Hazırda yük avtomobillərinin hərəkəti üçün 11 zolaq fəaliyyət göstərir. Bu isə məntəqənin gündəlik buraxılış qabiliyyətini 1100 yük maşınınadək artırıb.
Rusiya Nəqliyyat Nazirliyi yenidənqurma işləri başa çatdıqdan sonra məntəqənin gündəlik buraxılış qabiliyyətinin təxminən üç dəfə artaraq, 1400 nəqliyyat vasitəsi və 5100 nəfərə çatacağını ehtimal edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva