Yasamal rayon Mərkəzi Kitabxana Sisteminə yeni kitablar hədiyyə olunub
Bakı, 1 fevral, AZƏRTAC
Qazaxıstanın ölkəmizdəki səfirliyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Hüseyn Cavid. Şeirlər” və “Alaş Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” kitablarını hədiyyə edib.
MKS-dən AZƏRTAC-a bildirilib ki, “Hüseyn Cavid. Şeirlər” kitabında Azərbaycanın və türk dünyasının böyük şairi Hüseyn Cavidin qazax və Azərbaycan dillərində şeirləri toplanıb. Qazax dilinə ilk dəfə tərcümə edilən şeirlərdə şairin türkçülüyə dair fikirləri əks olunur. Kitaba “Ön söz” yazan Əl-Fərabi Qazax Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Qalımkayır Mutanov Hüseyn Cavidi “türk dünyasının parlaq ulduzu” adlandırır. Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin şairin həyat və yaradıcılığı haqqında yazdığı məqaləsi də yer alır.
“Alaş Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” kitabında “Alaş” hərəkatının Qazax dövlətçiliyinin tarixində olan əhəmiyyətindən bəhs olunur. Kitab Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev tərəfindən nəşrə hazırlanıb. Nəşri Azərbaycan dilinə Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Məmmədov-Tağısoy tərcümə edib. Kitabda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Alaş” irsi və günümüz” adlı məqaləsi də yer alır.
Kitabın nəşr olunması üçün Azərbaycan, qazax və rus dillərində olan ədəbiyyat və internet resurslarından istifadə edilib.
Hədiyyə olunan kitablar Yasamal rayon MKS-nə daxil olan M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və bütün kitabxana filiallarının fonduna daxil olunub.
Kitablarla əlaqədar yaxın gələcəkdə MKS-də dəyirmi masaların keçirilməsi də nəzərdə tutulur.