Yasamalda qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 31 avqust, AZƏRTAC
Fevralın 11-də Yasamal rayonu ərazisində Aytac Ağayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yasamal Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumatda bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Afiq Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aytac Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. A.Hüseynov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.