“YAŞAT” Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir
Bakı, 26 may, AZƏRTAC
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirdiyi "Onlar bizə əmanət" layihəsi davam edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Layihə indiyədək 106 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Eyni zamanda, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.