“YAŞLILARIN TƏHSİLİ” MÖVZUSUNDA MİLLİ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu (AXUBBƏİ), Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə komissiyanın sədri, ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyev açdı. O dedi ki, növbəti tədbirin əsas məqsədi ölkəmizdə yaşlıların təhsilinin vəziyyətini, problem və inkişaf perspektivlərini müəyyənləşdirmək, əlaqədar strukturların diqqətini bu məsələyə bir daha cəlb etmək, bu sahədə çalışan təşkilatlara, təhsil konsepsiyalarını həyata keçirən mütəxəssislərə yardım göstərmək, ən başlıcası, Azərbaycanda yoxsulluğun və işsizliyin azaldılmasında təhsilin rolunu yüksəltməkdir.
AXUBBƏİ-nin Azərbaycan üzrə milli əlaqələndiricisi Fuad Muradovun çıxışında qeyd edilmişdir ki, biliklər əsri adlandırılan müasir dövrümüzdə iş və həyat modelləri çox sürətlə dəyişməkdədir. Vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda mütəmadi baş verən bu dəyişikliklərə müvəffəqiyyətlə uyğunlaşması isə Ömür Boyu Təhsilin vasitəsilə mümkündür.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bu sahəyə xüsusi qayğının artırılmasının vacibliyini vurğulamış, yaşlıların təhsili sahəsində mövcud problemlərin öz həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Konfransda ADİU-nun nəzdində Distant və Əlavə Təhsil Mərkəzinin direktoru, dosent Nazim Eminov, Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarə edilməsi kafedrasının müdiri, professor Ramiz Məmmədzadənin məruzələri dinlənilmişdir.
Daha sonra tədbir işini bölmə iclaslarında davam etdirmişdir.