Yasminka Cumhur: Süni intellekt yeni iş yerləri yaradır, mövcud peşələri inkişaf etdirir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Süni intellekt daha dəqiq proqnozlaşdırma, əməliyyatların optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi və fərdiləşdirilmiş rəqəmsal həllər sayəsində təşkilatlara mühüm rəqabət üstünlükləri qazandıra, həyatın bütün sahələrində sosial və ekoloji baxımdan faydalı nəticələr əldə olunmasına kömək edə bilər. Şübhə yoxdur ki, süni intellektin faydaları olduqca böyükdür. Bəzi süni intellekt texnologiyaları artıq 50 ildən çoxdur mövcuddur. Lakin son illərdə hesablama gücünün artması, böyük həcmdə məlumatların əlçatan olması və yeni alqoritmlərin yaradılması bu sahədə ciddi irəliləyişlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən plenar sessiyada Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cumhur deyib.
"Süni intellekt informasiya, təhsil və təlim imkanlarına çıxışı asanlaşdırır. Onun tətbiqi məlumatların idarə olunmasında, dezinformasiya və kibertəhlükələrin qarşısının alınmasında, keyfiyyətli informasiyaya çıxışın təmin edilməsində, cinayətkarlığın qarşısının alınmasında, cinayət mühakiməsi sisteminin fəaliyyətində, eləcə də internetdə qanunsuz davranışların aşkarlanması və onlara qarşı tədbirlərin görülməsində xüsusi əhəmiyyət kəsb edir. Lakin hər bir inkişaf müəyyən çətinliklərlə müşayiət olunur. Süni intellekt məsələsində bu çətinliklər həm onun kifayət qədər istifadə olunmaması, həm də həddindən artıq istifadəsi ilə bağlıdır”, - deyən Y.Cumhur qeyd edib ki, süni intellektin tətbiqi nəticəsində iş yerlərinin itiriləcəyi ilə bağlı narahatlıqlar tez-tez səsləndirilir. Lakin çox vaxt nəzərdən qaçırılır ki, süni intellekt yeni iş yerləri yaradır, mövcud peşələri inkişaf etdirir, təhsil və peşə hazırlığını gücləndirir, eyni zamanda, uzunmüddətli işsizliyin qarşısının alınmasında və keyfiyyətli işçi qüvvəsinin formalaşdırılmasında mühüm rol oynaya bilər.