Yaxın saatlarda İsraildə parlament seçkilərində səslərin hesablanmasının ilkin nəticələri açıqlanacaq
Bakı, 3 mart, AZƏRTAC
İsraildə Benyamin Netanyahunun “Likud” partiyası 23-cü çağırış Knessetində (parlament) 120 yerdən 37-ni əldə edərək qalib gəlir. Onun əsas rəqibi - İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Qantsın rəhbərlik etdiyi mərkəz-solçu partiyaların “Kaxol-Lavan” bloku birpalatalı parlamentdə 33 yerə ümid bəsləyə bilər. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, seçki məntəqələri bağlandıqdan sonra İsrail televiziyasının 12-ci kanalında birinci “exit-poll”un ilkin nəticələridir.
Telekanalın proqnozlarına görə, üçüncü yerdə 14 parlament mandatı ilə Ərəb Birliyinin Siyahısı gələcək. ŞAS ultra-dini partiya 9, “Yamina” sağ birləşmə bloku, “Avoda-Qeşer” sol partiyalar bloku, “Yahadut Ya Tora” hərəyə 7, “Bizim Evimiz - İsrail” 6 yerə sahib ola bilər.
İsrail televiziyasının 13-cü kanalının “exit-poll”u Netanyahunun partiyasının daha çox uğur qazanacağı qənaətindədir: “Likud” parlamentdə 37, “Kaxol-Lavan” isə 12 yer əldə edəcək. İsrail televiziyasının 11-ci telekanalının “exit-poll”u “Likud” partiyasının 36, onun rəqibinin isə 33 yerə sahib olacağını söyləyir. Səslərin hesablanmasının ilkin nəticələri yaxın saatlarda açıqlanacaq.
Telekanalların üçü də bildirir ki, sağların və dini partiyaların bloku “Likud” başda olmaqla parlamentdə 120 yerdən 60-na ümid bəsləyə bilər. 2019-cu il aprelin 9-da keçirilmiş seçkilərdə belə bir nəticə ilə koalisiya formalaşdırılmayıb. Analitiklər qeyd edirlər ki, əvvəllər olduğu kimi, bu dəfə də əsas mübarizə Knessetdə 120 yerdən 61-nə nəzarət etməli olan hökumət koalisiyasının formalaşması ətrafında gedəcək.
İsrailin “Kan” dövlət televiziyası qeyd edir ki, 11 ay ərzində 3-cü dəfə keçirilən parlament seçkiləri seçicilərin daha çox iştirakı ilə müşayiət olunub. Yerli vaxtla 20:00-da səsverməyə gələn seçicilər 65,5 faiz təşkil edib ki, bu da 2001-ci ildən bəri rekord göstəricidir. 2019-cu il sentyabrın 17-də bu göstərici 63,7 faiz olub.
On bir ay ərzində parlamentdə üç dəfə seçki keçirilməsi onunla əlaqədardır ki, əvvəlki səsvermədə - ötən il sentyabrın 17-də Baş nazirin səlahiyyətini icra edən və “Likud” partiyasının lideri Benyamin Netanyahu və onun əsas opponenti Beni Qantsın rəhbərlik etdiyi mərkəz-solçu partiyaların “Kaxol-Lavan” bloku onlara ayrılmış 28 gün ərzində hökuməti formalaşdıra bilməyiblər. 2019-cu ilin 9 aprel tarixli seçkisindən sonra Netanyahu da qanunla ona ayrılmış 42 gün ərzində Knessetdə 120 yerdən 61-nə nəzarət edə biləcək koalisiyanın yaradılması barədə razılığa gələ bilməyib.