YAZIÇI ELÇİNİN NƏSRİNƏ HƏSR OLUNMUŞ İLK MONOQRAFİYA
Müəllif ilk dəfə olaraq yazıçının nəsr yaradıcılığında janr-üslub meyllərini, bədii təsvir və təhkiyə üsullarını spesifik poetika hadisəsi kimi tədqiq edib. O, ənənəvi janrların poetik strukturunda dəyişmə baş verdiyini nəzərə çarpdırır, insan amilinin güclənməsinə diqqət yetirir, yazıçının hekayələrini təhlil edir, povestlərini nəzərdən keçirir, yeni Azərbaycan romanını araşdırır. Xüsusi vurğulayır ki, yazıçı-tənqidçi Elçin “müsbət” və “mənfi” qəhrəman anlayışlarını qəbul etmir, onun qəhrəmanları daha çox “aktiv” və ya “passiv”dirlər.
Elçinin romanlarındakı fəlsəfiliyə toxunan müəllif yazıçının “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə” əsərlərinin fəlsəfi mahiyyətini açmağa çalışıb. Müəllif yazır: “Bu romanları səciyyələndirən əsas xüsusiyyət o idi ki, burada dövrün tarixi yox, ideologiya əsarətindən qurtulmuş, həqiqətə - özünə, Tanrısına, azadlığına yetmək üçün sərbəstlik qazanmış milli insanın “mənəvi dirçəliş” tarixi əks olunmuşdur”.
“Elçin nəsrinin poetikası” monoqrafiyasının elmi redaktoru filologiya elmləri doktoru, professor Şamil Salmanovdur.