Yəhudilərin Pesax bayramı Qubada təntənəli şəkildə qeyd olunur VİDEO
Quba, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı aprelin 3-də Qubada təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki Heydər Əliyev adına istirahət parkında keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayrama qatılanlar rayonda yaşayan dağ yəhudilərinin tarixini, mədəniyyətini, eləcə də bayram adət-ənənələrini əks etdirən fotosərgi ilə tanış olublar.
Qonaqlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi haqqında məlumat verilib. Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.
Bayram tədbirində çıxış edənlər yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb, bu əlaqələrin tarixi köklərə söykəndiyini qeyd ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisinin yaşadığını diqqətə çatdırıb. Bildirib ki, rayonda 60-a yaxın məscidlə yanaşı, yəhudilərə məxsus iki sinaqoq və dini icma da fəaliyyət göstərir. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri artıq ənənəyə çevrilib.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən sevilən bayramlarından biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşılır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur. Müxtəlif dini inanclara məxsus insanların yaşadığı ölkəmizdə heç vaxt dini zəmində münaqişə yaşanmayıb. Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermiş bu ənənə bu gün də uğurla davam etdirilir.
Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbdə təhsil alan azərbaycanlı və yəhudi uşaqların birlikdə ifası bayram tədbirinə əlavə rəng qatıb. Sonra yerli ifaçıların konsert proqramı nümayiş olunub.
Builki Pesax bayramı Qırmızı qəsəbədə martın 30-dan başlayaraq qeyd olunur və 8 gün davam edir. Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqda ibadət edirlər. Tarixi mənbələrə görə, hələ 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.
Pesax bayramı aprelin 7-dək davam edəcək.