Yeni Azərbaycan Partiyası İCAPP-ın yubiley tədbirində təmsil olunub
Bakı, 10 noyabr, AZƏRTAC
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) yaranmasının 20 illik yubileyinə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 2000-ci ildə əsası qoyulmuş və Asiya qitəsinin 52 ölkəsindən 350-dən çox siyasi partiyanı birləşdirən İCAPP-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra İCAPP Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının xarici işlər naziri Çunq Eui-yonq açılış nitqi söyləyiblər.
Daha sonra İCAPP Daimi Komitəsinə üzv partiyaların ölkələrinin hökumət və parlament rəhbərlərinin təbrik məktublarından sitatlar səsləndirilib. Səsləndirilən təbriklər arasında Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın İCAPP-a ünvanladığı məktub da yer alıb.
Tədbirdə, həmçinin Daimi Komitə üzvlərinin İCAPP-a ünvanladıqları videoçarx formatında təbrik mesajları da nümayiş olunub. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədovun təbrik çıxışı da təqdim edilib.
Yubiley tədbirində Latın Amerikası və Karib hövzəsi Siyasi Partiyaları Daimi Konfransının prezidentinin, Afrika Siyasi Partiyaları Konfransının Baş katibinin və Avropa Parlamentinin nümayəndəsinin təbrik çıxışları da dinlənilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov tədbirdə iştirak edib.