Yeni Zelandiyaya göndərilən poçt bağlamasında külli miqdarda psixotrop maddə aşkarlanıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Yeni Zelandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda - 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir.