Yens Stoltenberq: NATO Əfqanıstan hərbçilərinin təlimini davam etdirəcək
Bakı, 14 iyun, AZƏRTAC
NATO qoşunları “Taliban” hərəkatı və ABŞ arasında sazişə uyğun olaraq qoşunların çıxarılması prosesi tamamlandıqdan sonra da Əfqanıstan ordusunun təlimini və ölkədəki nəqliyyat infrastrukturunun inkişafını davam etdirəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın sammitindən öncə deyib.
“NATO Əfqanıstanı yalnız buraxmayacaq. Biz qoşunların çıxarılmasından sonra da əfqan hərbçilərinin təlimini və ölkədəki nəqliyyat infrastrukturunun, əsasən də aeroportların inkişafını davam etdirəcəyik”, - deyə Yens Stoltenberq bildirib.
Qeyd edək ki, NATO aprelin 29-dan etibarən öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bu vaxta qədər ölkədə təxminən 2,5 min ABŞ hərbçisi və xüsusi əməliyyatlarda iştirak edən bir neçə yüz amerikalı hərbçi qalmışdı. Onların hamısı Əfqanıstanı tərk edəcək.
Prezident Cozef Bayden administrasiyası qoşunların Əfqanıstandan çıxarılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyası isə “Taliban” hərəkatı ilə razılaşmaya əsasən, qoşunları mayın 1-nə qədər ölkədən çıxarmalı idi. Taliblər Cozef Baydenin bu tarixi dəyişdirmək qərarını sazişin pozulması kimi qiymətləndirib.