Yevlaxda bayram konserti və atəşfəşanlıq olub
Yevlax, 25 dekabr, AZƏRTAC
Yevlax şəhərindəki Heydər Əliyev Parkında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin və minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb. Bayram tədbirində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsindən, Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi önəmdən bəhs edilib. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı Qələbə qazandı. Bu il sentyabr ayının 19-20-də həyata keçirilən birgünlük antiterror tədbiri ilə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə işğaldan azad edildi. Bununla da Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Artıq dünya azərbaycanlilari öz həmrəyliyini daha qürurla, daha şövqlə, qalib xalqın qalib nümayəndəsi kimi qeyd edirlər.
Respublikanın populyar incəsənət ustalarının bir-birindən maraqlı ifaları sakinlər tərəfindən böyük çoşqu ilə qarşılanıb. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb.