Yevlaxda Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur
Yevlax, 18 may (AZƏRTAC). Yevlax tarix-diyarşünaslıq muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tarix-diyarşünaslıq muzeyinin direktoru Aygün Qasımova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlqar Əhmədov və başqaları tədbirdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2007-ci il oktyabrın 23-24-də Yevlaxa səfərləri zamanı Heydər Əliyev muzeyinin və tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak etmiş, muzeydəki eksponatlarla tanış olmuşlar.
Tədbirdə çıxış edənlər tariximizin, mədəniyyətimizin öyrənilməsində, qorunmasında və təbliğində muzeylərin rolundan danışmışlar. Məlumat verilmişdir ki, 5 mindən çox eksponatı olan Yevlax tarix-diyarşünaslıq muzeyində bizim eradan əvvəl birinci minilliyə aid arxeoloji tapıntılar, xalq sənəti nümunələri, məişət əşyaları, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin marşrutu üzrə aparılan arxeoloji qazıntı işləri zamanı tapılmış materiallar, müxtəlif dövrlərə aid saxsı qablar, silahlar, rayonun flora və faunasına, tarixinə, görkəmli şəxsiyyətlərinə, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Yevlaxa səfərlərinə aid materiallar nümayiş etdirilir.
Mərasimdə məktəblilərin ifasında şeirlər və mahnılar səslənmiş, ədəbi-badii kompozisiya nümayiş olunmuşdur.
Tədbir “Karvan” instrumental ansamblının ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır.