CƏMİYYƏT
YÖK rəhbəri: Türkiyə-Azərbaycan Universiteti beynəlxalq universitet modelinin uğurlu nümunəsinə çevriləcək
Ankara, 16 sentyabr, AZƏRTAC
Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Bakıda Türkiyə-Azərbaycan Universitetinin qarşıdan gələn açılışını tarixi hadisə adlandırıb.
AZƏRTAC xəbər verir ki, paytaxtın Qazi Universitetində çıxış edən Özvar sentyabrın 23-də açılışı planlaşdırılan yeni universitetin Türkiyənin ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı yolunda mühüm addım olacağını bildirib.
Onun sözlərinə görə, universitetin açılış mərasimində prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin tədbir iştirakçılarına müraciət edəcəyi gözlənilir.
YÖK rəhbəri qardaş Azərbaycanda yeni müasir universitetin açılması təşəbbüsünün Türkiyənin aparıcı universitetləri - İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ÖDTÜ) və Hacettepe Universiteti tərəfindən dəstəkləndiyini xatırladıb.
Özvar Türkiyə-Azərbaycan Universitetinin yeni beynəlxalq universitet modelinin uğurlu nümunəsinə çevriləcəyinə əminliyini ifadə edib.
O qeyd edib ki, Bakıdakı universitet öz fəaliyyət modelinə görə Qırğız-Türk Manas Universiteti və Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetindən fərqlənəcək.
“Türkiyənin aparıcı universitetləri ən güclü olduqları proqramlarda Türkiyə-Azərbaycan Universitetinə mümkün olan bütün töhfələri verəcəklər. Belə universitet modeli ilk dəfədir tətbiq edilir. Qarşıdakı illərdə bu modeli başqa ölkələrdə də tətbiq etməyi planlaşdırırıq”, - deyə Erol Özvar bildirib.
Şura sədri daha sonra Türkiyədə ali təhsilin yüksək səviyyəsinə diqqət çəkib. “Sevindirici haldır ki, Türkiyənin 5 universiteti dünyanın 500 aparıcı universiteti arasında QS 2025 dünya reytinqində yer alıb”, - deyə o əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara