Yoşihide Suqa: Çinin Trans-Sakit okean Tərəfdaşlığı barədə razılaşmaya qoşulması çətin məsələdir
Tokio, 3 yanvar, AZƏRTAC
Çinin azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) barədə razılaşmaya qoşulması çətin məsələdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa “Nippon Brodcasting System” radiosuna müsahibəsində bildirib.
“Trans-Sakit okean Tərəfdaşlığının qaydaları özlüyündə çox yüksək səviyyəlidir və dövlət idarəçiliyində müəyyən dəyişikliklər tələb edir. Çinin hazırkı quruluşunda bu, çətin məsələdir”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabrında Çinin Sədri Si Cinpin Asiya-sakit okean İqtisadi Tərəfdaşlığı sammitində Çinin TPP-yə qoşulmasının mümkünlüyü barədə məsələyə baxmağa hazır olduqlarını bildirib.
TPP barədə razılaşma 2018-ci il dekabrın 30-da qüvvəyə minib. Müqavilə çərçivəsində Asiya-Sakit okean regionunda azad ticarət üzrə yeni zonanın yaradılması nəzərdə tutulur. Müqavilədə ilkin mərhələdə 12 dövlətin - ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru iştirakı nəzərdə tutulsa da, ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin yanvarında ölkəsinin razılaşmadan çıxdığını bəyan edib. Bundan sonra Hərtərəfli və Tərəqqipərvər Trans-Sakit okean Tərəfdaşlığı (CPTPP) adını alan müqavilə 2018-ci ilin martında Çilidə imzalanıb. ABŞ-ın razılaşmadan çıxmasından sonra təşkilata qeyri-formal olaraq Yaponiya sədrlik edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio