Yubileyləri olan yazıçıların əsərlərinin motivlərinə çəkilmiş uşaq rəsm müsabiqəsi başa çatır
Bakı, 28 fevral, AZƏRTAC
Bu ilin yazıçı-yubilyarlarının əsərlərinin motivlərinə çəkilmiş uşaq rəsm müsabiqəsinə Moskvada yekun vurulacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası müsabiqənin həmtəşkilatçılarından biridir.
Tədbirin əsas məqsədi kitabı və mütaliəni uşaqlar arasında təbliğ etmək, onların mütaliəyə marağını artırmaqdır.
Müsabiqədə qalib gələn 10-a qədər ən yaxşı uşaq rəsmi Rusiya Federasiyasında keçirilən müsabiqəyə təqdim olunacaq. Müsabiqəyə bu ilin yazıçı-yubilyarları - V.Bianki, P.Bajov, İ.Krılov, A.Qaydar, A.Belyayev, E.Voyniç, F.Kuper, N.Ostrovski və K.Doylun əsərlərinin motivləri əsasında çəkilmiş şəkillər təqdim olunmalıdır.
Müsabiqənin münsiflər heyəti 60-a yaxın ən yaxşı rəsmləri seçərək onları albom şəklində nəşr edəcək. Müsabiqənin qalibi olmuş hər bir uşağın fotosu çəkdiyi rəsmlə birgə həmin albomda yerləşdiriləcək. Qaliblərə fəxri fərman, kitab və albom hədiyyə ediləcək.
Müsabiqədə 5 yaşından 16 yaşınadək uşaqlar iştirak edə bilərlər.
Ölkəmizin həmin müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq gənc rəssamlarımızın Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkillərinin müsabiqəyə təqdim olunması barədə razılıq əldə edilib.
Uşaq rəsm müsabiqəsi haqqında ətraflı məlumatı kitabxanadan əldə etmək olar.