YUNESKO-DA ALİ TƏHSİLLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR SEMİNARDA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 1-3-də Parisdə YUNESKO-nun iqamətgahında bu qurumun ali təhsil və bilik forumu çərçivəsində “Bilik, imkanlar və idarəetmə: Dəyişikliklər üçün strategiyanın müəyyən edilməsi” mövzusunda seminar keçirilmişdir.
Beynəlxalq tədbirdə 84 ölkədən 294 nümayəndə iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev və Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru Natiq Yusifov ölkəmizi seminarda təmsil etmişlər.
Seminarda “Biliyə aparan yollar, tənqidi tədqiqatlar, ali təhsil siyasətinin müəyyən olunması üzrə tədqiqatlar”, “Universitetdən kənarda əldə olunan bilik”, “Əmək ehtiyatlarının planlaşdırılmasından biliyə doğru” və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Məruzələrdə iştirakçıların diqqəti son əlli ildə bilik, onun əldə olunması və idarəetmə sahəsindəki dəyişikliklərə yönəldilmiş, ali təhsilin çoxşaxəli iqtisadi və sosial maraqlar baxımından önəmli olduğu bildirilmiş, tədqiqat işlərinin maliyyələşdirilməsi probleminə toxunulmuşdur.
Azərbaycanlı nümayəndələr “Ali təhsilin idarə olunması”, ”Keyfiyyətin təmin edilməsi” mövzuları ilə bağlı müzakirələrdə xüsusi fəallıq göstərərək məruzəçilərə suallarla müraciət etmiş, bu sahədə ölkəmizin təhsil sistemində aparılan işlər barədə danışmışlar.