Yusif Ağayev: Azərbaycanın kommunikasiya layihələri bəzi Avropa ölkələri üçün həyati əhəmiyyət kəsb edir
Bakı, 20 fevral, AZƏRTAC
Dünyanın gələcəyinin idarə edilməsi və mövcud problemlərin həlli istiqamətində digər platformalar kimi Münxen Təhlükəsizlik Konfransı da indiki dövr üçün önəmli platformadır. Adı təhlükəsizlik məsələlərini ifadə etsə də, müzakirələrin gedişatı göstərir ki, siyasi, iqtisadi hətta regional, qitələrarası təchizat məsələləri daha çox müzakirə predmetidir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda Şərq və Qərb arasındakı ənənəvi iqtisadi əlaqələrin gələcəyi sual altındadır, məhz bu aspektdə Azərbaycanın regionda əhəmiyyəti və Prezident İlham Əliyevin həyata keçirdiyi nəqliyyat-kommunikasiya layihələri bəzi Avropa ölkələri üçün həyati əhəmiyyət kəsb edir. Bunu yəqin ki, Makron da anlamamış deyil.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru Yusif Ağayev söyləyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, E.Makron Rusiyanın regionumuzda sülh yaradacağına inanmadığını bildirərək N.Paşinyanın yanında dayanmağa davam edəcəyini qeyd edir. Fransa Prezidentinin N.Paşinyanın yanında olmağa davam etməsi və “gərək avtokratik rejimlərlə işləyək” deməsi Fransanın imperialist keçmişindən və Makronun qüsurlu düşüncəsindəki “bacılar” rəfiqəliyindən xəbər verir. Açıq-aşkar Makron, Qafqazda sülh müqaviləsinin imzalanmasına mane olmasını ifadə edir və bununla da dünyada təhlükəsizliyin yaranmasına məsul olan konfransın ruhunu “öldürür”.
“Lakin unutduğu bir məqam var. Dövlətimizin başçısının iştirak etdiyi enerji təhlükəsizliyi ilə bağlı “dəyirmi masa”da səsləndirdiyi fikirlər əksər ölkələr tərəfindən diqqətlə izlənildi və təqdir edildi. Dünya liderləri tərəfindən qəbul edilən həqiqət bundan ibarətdir ki, Prezident İlham Əliyevin düşüncələri dünyanın daha yaxşı gələcəyi və idarə edilməsi üçün böyük önəm daşıyır”, - deyə Yusif Ağayev əlavə edib.