Zaqatala – multikultural dəyərlər, qədim abidələr diyarı VİDEO
Zaqatala, 3 iyul, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Zaqatala.
Azərbaycanın füsunkar məkanlarından olan Zaqatala həm tarixi abidələrinin zənginliyi ilə, həm də çoxmillətli rayon kimi seçilir.
Zaqatala rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. Rayonun dağ iqlimi, şəfalı bulaqları, gözəl təbiət mənzərələri, çayları, il boyu fəaliyyət göstərən istirahət və turizm mərkəzləri var.
Rayon ərazisindən regionun ən iri çaylarından olan Qanıx çayı (Alazan), Muxax çayı (Qaraçay), sululuğuna görə onlardan bir qədər kiçik olan Tala, Katex və s. çaylar keçir.
Zaqatala rayonunun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də rayonun Yuxarı Çardaxlar kəndinin ərazisində yerləşən və inşa tarixi III-V əsrlərə aid edilən “Pəri qalası”dır.
“Pəri qalası” Yuxarı Çardaxlar kəndindən 300 metr aralıda, dağın üzərində, yerdən 150-200 metr hündürlükdə tikilib. Qalanın dəqiq inşa tarixi tam bəlli olmasa da, tədqiqatçılar tikilmə üslubuna görə onun Qafqaz Albaniyası dövründə inşa olunduğunu güman edirlər. Qala strateji baxımdan çox əlverişli yerdədir. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini - qızlarını qoruyan qala.
Bu qədim diyar nəinki ölkəmizdə, eləcə də dünyada multikultural rayon kimi tanınır. Belə ki, 20-dək azsaylı xalqın nümayəndələri illər boyu burada bir yerdə, mehriban yaşayır. Zaqatalada azsaylı xalqların birgə yaşam tərzi, əslində tolerantlığın bir nümunəsidir.