Zaqatalada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcəkdir
Zaqatala, 12 yanvar (AZƏRTAC). Zaqatala rayonunda qəhrəmanlıq və şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlərin, anma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə bağlı mərasimlərin hazırlanması və keçirilməsi məqsədi ilə təşkilat komissiyası yaradılmış, tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına əsasən, qanlı faciənin ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə silsilə tədbirlər, o cümlədən xatirə gecələri, “dəyirmi masa” və konfranslar keçiriləcək, 20 Yanvar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq rəmzi günü kimi qeyd olunacaqdır. Tədbirlər planında, həmçinin təhsil müəssisələrində Qanlı Yanvara həsr olunmuş xüsusi dərslərin keçirilməsi, mədəniyyət evləri və kitabxanalarda kitab sərgiləri və guşələrinin təşkili nəzərdə tutulur.
Yanvarın 18-də Zaqatala Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo idman növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş rayon birinciliyi keçiriləcəkdir.
Faciənin ildönümü ərəfəsində Zaqatala şəhərindəki “Şəhidlər xiyabanı” kompleksinin ərazisində, habelə qəsəbə və kəndlərdə şəhidlərin xatirəsinə ucaldılmış abidələrin ətrafında təmizlik işləri aparılacaq, səliqə-sahman yaradılacaqdır.
Yanvarın 19-da rayon ictimaiyyəti “Şəhidlər xiyabanı” kompleksini ziyarət edəcək, mədəniyyət evində elmi-praktiki konfrans keçiriləcəkdir.
Yanvarın 20-də saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.