Zaqatalada dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb
Zaqatala, 7 oktyabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı qeyd olunan qayda pozuntusuna yol verən sürücülər aşkar edilib, yol polisi əməkdaşları tərəfindən onlara qanunvericiliyin tələbləri izah olunub. Törətdikləri qayda pozuntularından yayınmaq məqsədilə dövlət qeydiyyat nişanını çıxarıb avtomobil idarə edən həmin sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.