Zaqatalada evlərdən oğurluq edən keçmiş məhkum eyni əmələ görə yenə saxlanılıb
Bakı, 3 mart, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Aşağı Tala kənd sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - zərərçəkmişin həmkəndliləri, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıblar. Araşdırma zamanı onların əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırdıqları müəyyənləşdirilib. Oğurlanan qızıl-zinət əşyaları maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.