Zaqatalada “Şuşa İli” çərçivəsində təşkil edilən rəsm və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb
Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
“Şuşa İli” ilə əlaqədar Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən aprel-may aylarında təşkil edilən “Vətən ürəyi Şuşa gənc rəssamların gözü ilə” adlı rəsm və “Vətən sinəsində ürəkdir Şuşa” adlı şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala rayon MKS-dən məlumat verilib.
Müsabiqə qaliblərinin mükafatlandırılması münasibətilə rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə MKS-nin direktor əvəzi Leyla Məmmədova çıxış edərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, uşaqlarda Ana dilimizə, tariximizə, mədəniyyətimizə sevgi hisslərinin aşılanmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın mədəniyyət paytaxtı, bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.