Zaqatalada ümumtəhsil və peşə məktəbləri şagirdlərinin VI Spartakiadasının zona yarışları keçirilir
Zaqatala, 17 may (AZƏRTAC). Zaqatala şəhər stadionunda ümumtəhsil və peşə məktəbləri şagirdlərinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş VI Spartakiadasının zona yarışlarının startı verilmişdir.
Təhsil, Gənclər və İdman nazirliklərinin keçirdikləri yarışlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının komandaları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, mayın 17-də təntənəli açılış mərasimi keçirilmişdir. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Zaqatala rayon təhsil şöbəsinin müdiri, yarışların təşkilat komitəsinin sədri Habil Qurbanov və Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin nümayəndəsi Elxan Quliyev çıxış etmişlər. Natiqlər müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmış, ulu öndərin uşaq və gənclərin təhsilinə, fiziki hazırlığına, sağlamlıqlarının qorunmasına daim yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulamışlar.
İdmançıların nümunəvi çıxışları olmuş, bədii kollektivlər konsert vermişlər.
Rəsmi hissə başa çatdıqdan sonra şəhər stadionunda və Olimpiya İdman Kompleksinin zalında spartakiadanın gündəliyinə daxil olan futbol, basketbol, voleybol, həndbol, stolüstü tennis və atletika üzrə yarışlar başlamışdır.
Zona yarışları mayın 26-dək davam edəcəkdir. Qalib komandalar VI Spartakiadanın oktyabrda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
######
