İQTİSADİYYAT
Zaur Əsədov: AZV şirkəti qısa müddətdə Azərbaycanın şəbəkə komponentləri bazarında layiqli yerini tutub
Bakı, 3 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
AZV informasiya texnologiyaları və telekommunikasiya sistemləri sahəsində həllərin yolunu tapan şirkətlərdən biridir. 2003-cü ildən fəaliyyət göstərən şirkət qısa müddətdə Azərbaycanın şəbəkə komponentləri bazarında layiqli yerini tutub. İstehsalçılarla uzunmüddətli əməkdaşlıq, malların birbaşa anbardan çatdırılması müştərilərin bir çox tələblərini yerinə yetirməyə imkan yaradır.
“Bakutel-2014” sərgisinin iştirakçısı olan şirkətin rəhbəri Zaur Əsədov AZƏRTAC-a müsahibəsində bildirib ki, AZV informasiya texnologiyaları və telekommunikasiya sahəsində həll variantları təqdim edir. “Biz texnologiyaların inteqrasiya sisteminin məsləhətindən tutmuş, onların quraşdırılması, satışı və çatdırılmasını həyata keçiririk. Ən müasir texnologiyaların istifadəsi və AZV şirkətinin ekspertlərinin təcrübəsi layihələrin optimal həllinə zəmanət verir. Müştəri məmnuniyyəti, onlarla uzunmüddətli əməkdaşlıq şirkətimizin əsas prinsipidir”, - deyən Z.Əsədov qeyd edib ki, sərginin ziyarətçilərinə informasiya texnologiyaları və telekommunikasiya sistemlərinə aid bütün məsələləri həll edən, şəbəkə sahəsində yüksək keyfiyyətli və etibarlı malların geniş spektri təklif olunur.
Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişafına böyük sərmayələr yatırıldığını vurğulayan Z.Əsədov son illər bu sahədə qazanılan uğurların göz qabağında olduğunu bildirib: “Bakutel” sərgisi də bu uğurların nümayişi üçün əla imkandır. Əminik ki, bu sərgi bizə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq və yeni imkanlar əldə etmək baxımından gözəl fürsət olacaq”.