Zəfər Günü Azərbaycan xalqının şanlı tarixində əbədi qalacaq
Gəncə, 6 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə universitet rəhbərliyi və qonaqlar ali təhsil müəssisəsinin ərazisində yerləşən Şəhidlər Xatirə Kompleksini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin bariz nümunəsidir.
Zəfər Qurbanov qeyd edib ki, bu Qələbə Azərbaycan xalqının şanlı tarixində əbədi qalacaq, gələcək nəsillər üçün qürur mənbəyi olacaq: “Zəfər Günü xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün biz qalib xalq olaraq dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bir daha qürurla xatırlayırıq. ADAU kollektivi olaraq şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə fəxr edirik”.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Zəfər Gününün xalqımızın qəhrəmanlıq, birlik və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib. Qeyd edib ki, 8 Noyabr tarixi Azərbaycan dövlətinin gücünü, ordumuzun rəşadətini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən qürur günüdür.
Türkiyənin Gəncə şəhərindəki baş konsulunun müavini Yiğit Yalın Soyal çıxışında şanlı Qələbənin “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq bağlarını daha da gücləndirdiyini vurğulayıb.
Sonra Gəncə Şəhəri Vətən Övladları Qazilər və Veteranlar İctimai Birliyinin sədri Mehdi Kərimov, şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova, teatrşünas-tənqidçi Anar Burcəliyev, II Qarabağ müharibəsinin iştirakçıları - ADAU-nun tələbələri Cəlil Məmmədov və Eşqin Bayramov Zəfər Gününün əhəmiyyətindən, döyüş yoldaşlarının qəhrəmanlığından və gənclərin bu ruhu daim yaşatmasının vacibliyindən danışıblar.
Tədbir universitet tələbələrinin iştirakı ilə hazırlanan bədii proqramla davam edib. Proqramda “Xarıbülbül” rəqs qrupu, “Sound Nest” vokal qrupu və tələbə ifaçıların təqdimatında müxtəlif musiqi nömrələri, şeirlər və vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olunub.