“Zəkaların mübarizəsi”nin Bakı üzrə regional mərhələsinin qalibləri müəyyənləşib











Bakı, 23 aprel, AZƏRTAC
Paytaxtdakı 133 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadasının Bakı şəhəri üzrə regional mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan olimpiadanın əsas məqsədinin fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsindən ibarət olduğunu xatırladıb. Regional mərhələdə iştirak edən komandalara uğurlar arzulayan N.Hüseynova bu cür olimpiadaların şagirdlərin bilik və bacarıqlarını artırmaqla bərabər, həm də onlarda təlim motivasiyasını yüksəldəcəyinə, özünəinam hissinin artırılmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova olimpiada və müsabiqələrdə istedadlı şagirdlərin üzə çıxarılmasının ölkəmizin gələcək yüksək savada malik kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb, bu cür bilik yarışlarının şagirdlərə yalnız elm deyil, həm də dünyagörüşü qazandırdığını bildiriblər.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıb.
İlk 5 yeri tutan komandalar - Xəzər, Nəsimi, Yasamal, Xətai və Nərimanov komandaları olimpiadanın respublika mərhələsində iştirak hüququ qazanıb.
Qalib komandalara diplomlar təqdim olunub.