Zelenski: Ukraynanın əsas vəzifəsi öz mövqelərini müdafiə etməklə müharibəyə son qoymaqdır
Kiyev, 27 noyabr, AZƏRTAC
Ukraynanın əsas vəzifəsi öz mövqelərini müdafiə etməklə müharibəyə son qoymaqdır. Bundan başqa, Ukraynanın cəbhə xəttində müqaviməti və ölkənin tərəfdaşları ilə birgə iş də vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Prezident qeyd edib ki, genişmiqyaslı müharibə davam edir və Rusiya dünyanın davamlı sülhə nail olmaq cəhdlərinə əməl etmir.
Zelenskinin sözlərinə görə, sülh Rusiyanın təhdidlərindən deyil, təcavüzün davam etməsinin qarşısını almaq üçün dünyanın yaratdığı şəraitdən asılıdır.
"Dövlətimizi, xalqımızı və Ukraynanın milli hüquqlarını müdafiə etmək üçün özümüz nə edəcəyik? Hazırda mövqelərimizi müdafiə etməyimiz, cəbhə xəttində müqavimət göstərməyimiz və diplomatik mövqelərimizi möhkəmləndirmək üçün tərəfdaşlarımızla birgə çalışmamız eyni dərəcədə vacibdir", -deyə Zelenski vurğulayıb.
Zelenski bildirib ki, Ukraynanın əsas vəzifəsi öz mövqelərini müdafiə etməkdir. O qeyd edib ki, Ukraynanın cəbhə xəttində müdafiəsi nə qədər güclü olsa, Kiyev diplomatiyada bir o qədər çox nailiyyət əldə edə biləcək və dünya müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə kömək edəcək.
Zelenski, həmçinin Rusiyaya qarşı sanksiyaları xatırladıb.
"Prioritetlər aydındır, hədəf Rusiya nefti, Rusiya texnologiyası, onların maliyyəsi, Rusiya hərbi maşınını qidalandıran aktivləridir. Dünya bizə kömək edəcək", - deyə Prezident bildirib.
Bundan əlavə, Zelenski ABŞ-ın sülh planı üzərində işləmək üçün bu həftə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçiriləcəyini açıqlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev