Zəngəzur dəhlizi açıldıqdan sonra regionun bütün ölkələri üçün yeni imkanlar yaranacaq
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr zamanı mühüm məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə yönələn təşəbbüsləri və digər bir sıra vacib məsələlər haqqında fikirlərini ətraflı şəkildə bildirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.
S.Fətəliyeva bildirib ki, dövlətimizin başçısı beynəlxalq tədbirdə mühüm mesajlar verdi. Prezident İlham Əliyev Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bu gün Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittihamlar irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası qəbul edilən hər hansı bir çərçivədən tam uzaqdır.
Deputatın sözlərinə görə, Vətən müharibəsində qazanılan Qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. “Sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycanın daxilində, eləcə də onun sərhədlərindən kənarda sabitliyə ehtiyac var. Bizim əsas narahatlıqlarımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıqları daxildir. Bunlar sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanla əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində Ermənistanla sülh sazişi də imzalamağa hazırdır. Amma qarşı tərəfdən belə bir təşəbbüslər görünmür. Ermənistanda azərbaycanofobiya, türkofobiya əvvəllər olduğu kimi, yenə də ən böyük problemlərdən biridir”, - deyə o vurğulayıb.
Sevinc Fətəliyeva diqqətə çatdırıb ki, hazırda regionumuzun inkişafı prioritetlərdən biridir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və digər sahələrdə layihələrin necə ola biləcəyini qonşuları ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib.
“Biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Qazanılan Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra regionun bütün ölkələri üçün yeni imkanlar yaranacaq. Bu baxımdan, Azərbaycan əməkdaşlığa hazırdır”, - deyə deputat vurğulayıb.