Zəngin tarixi keçmişi olan Gəncə bizdə xoş təəssürat yaratdı
Bu gün Azərbaycan özünün çiçəklənən dövrünü yaşayır. Bölgələri gəzərkən bunun bir daha şahidi oluruq. Necə ki, Gəncəyə gələrkən bütün bunları öz gözlərimizlə gördük. Zəngin tarixi keçmişi olan Gəncə bizdə xoş təəssürat yaratdı.
Bu sözləri Xətai rayonunda yerləşən 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Aidə Yusifzadə Gəncədə AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. Tur-aksiyanın əhəmiyyətini qeyd edən A.Yusifzadə deyib: “Qısa vaxt ərzində bir çox yerlərə ekskursiyalar etdik. Möhtəşəm Heydər Əliyev Mərkəzində, dahi Nizami Gəncəvinin məqbərəsində, Tarix-Diyarşünaslıq Muzeyində, Qala Arxeologiya və Etnoqrafiya Kompleksində olduq. Bütün bunlar yaşadığımız ölkənin nə qədər qədim olması barədə bizdə geniş təsəvvür yaratdı. Əgər bu tur-aksiya təşkil edilməsəydi, bəlkə də bütün bunlar yaddaşımızda kitablarda oxuduğumuz kimi qalacaqdı. Gəldik və hər şeyi öz gözlərimizlə gördük. Bizə bu imkanı yaratdığına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq”.