Zərdabda 20 Yanvar faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Zərdab, 15 yanvar (AZƏRTAC). Zərdab Rayon Tarix Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş “Azadlığa doğru gedən yol” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muzeydə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə hazırlanmış kitab sərgisi və fotoguşə ilə tanış olmuşlar.
“Dəyirmi masa”da 20 Yanvar faciəsi xalqımıza qarşı düşünülmüş məkrli siyasətin növbəti təzahürü kimi səciyyələndirilmiş, həmin gecə əliyalın insanların qətlə yetirildiyi və yaralandığı, onların arasında uşaq, qadın və qocaların da olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, sovet imperiyası rəhbərlərinin himayədarlığı ilə ermənilərin başladıqları Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası, azərbaycanlılara qarşı soyqırımı məhz bu siyasətin təzahürü olmuşdur.
Çıxışlarda xalqımızın qəhrəman oğlu, ümummilli lider Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatından, Ulu Öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verilməsindən də geniş bəhs olunmuşdur.
20 Yanvar faciəsinin həm də Azərbaycanın azadlığı uğrunda mübarizənin şanlı tarixi olduğunu vurğulayan natiqlər faciə qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.