Zərdabda “Nəsildən-nəslə qəhrəmanlıq örnəyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Zərdab, 17 yanvar (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Zərdabda rayon icra hakimiyyəti ilə birgə 20 Yanvar faciəsinin 22 ildönümünə həsr edilmiş “Nəsildən-nəslə qəhrəmanlıq örnəyi” mövzusunda “dəyirmi masa” keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının qərargahında keçirilmiş tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Dəyirmi masa”da Milli Məclisin deputatı Jalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yeganə Musazadə, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və başqaları 20 Yanvar faciəsinin xalqımızın Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəsi tarixinin ən şanlı səhifələrindən biri olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, həmin gün çökməkdə olan sovet imperiyasının silahlı qüvvələrinə, hərbi texnikasına qarşı insanlar əliyalın sinə gərmişlər. Bu isə əsl vətənpərvərlik, əsl qəhrəmanlıq idi. Əsrlər ötəcək, bu qəhrəmanlıq unudulmayacaq, nəsillərin qəlbində əbədi yaşayacaqdır.
Hadisədən əvvəl televiziyanın enerji blokunun partladılması, Bakıda törədilmiş vəhşiliklər barədə konkret faktları şərh edən “dəyirmi masa”nın iştirakçıları faciənin ertəsi günü ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu qanlı qırğına qarşı öz kəskin etirazını bildirməsini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, xalqımızın qəhrəman oğlu heç bir təhlükədən çəkinməyərək hadisədən dərhal sonra Azərbaycan nümayəndəliyində faciənin təşkilatçılarını və icraçılarını ittiham edən bəyanatla çıxış etmiş, bu hadisəyə əsl hüquqi-siyasi qiymətini vermişdir.
“Dəyirmi masa”da, həmçinin ötən illər ərzində ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan da söhbət açılmışdır.