Zərdabda Qələbəmizin memarı Prezident İlham Əliyevə həsr olunan videokonfrans keçirilib
Zərdab, 25 dekabr, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbəmizin, zəfərimizin baş memarı - Ali Baş Komandan İlham Heydər oğlu Əliyev” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, videokonfransda Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin direktor və əməkdaşları, eləcə də Astara, Salyan, Siyəzən, Hacıqabul, Neftçala, Kürdəmir rayonları Heydər Əliyev mərkəzlərinin direktorları iştirak ediblər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova videokonfransda ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın çiçəklənməsi və davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyən Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə danışıb.
Videokonfransda Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi məhz düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.
J.Əliyeva deyib: “Son 17 il Azərbaycanımızın tarixinə uğurlar, naliyyətlər, qələbə illəri kimi yazılıb. Xalqımızın arzularını gerçəkləşdirən qalib liderimiz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Prezident İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı”.
Videokonfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin Ağdaş rayonu üzrə nümayəndəsi İlqar Vəliyevin, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribovanın, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nişanə Yusifovanın, Zərdab Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədovanın, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədovanın, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramovanın, Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyevanın, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Səmədovanın çıxışları dinlənilib.
Çıxışlarda qeyd olundu ki, Qələbəmizin həlledici amili ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Vətən müharibəsində Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim qələbəmizlə nəticələndi. Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Natiqlər vurğuladılar ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.
Videokonfrans iştirakçıları Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, Allahdan ona millətimiz və dövlətimiz adına uzun, sağlıqlı, xeyirli-bərəkətli ömür arzulayıblar.