“Zirə”nin keçmiş futbolçusu: “Torpedo” hazırda daha hazırlıqlı görünür
Bakı, 3 iyul, AZƏRTAC
“Torpedo” hazırda “Zirə”dən yaxşı formada görünür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Gürcüstanda çıxış etmiş “Zirə”nin sabiq futbolçusu Nicat Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” (Kutaisi) ilə qarşılaşacaq Azərbaycan təmsilçisinin şanslarını dəyərləndirərkən deyib.
O, rəqibin hazırkı vəziyyətinin üstün olduğunu bildirib: “Torpedo”nun builki çıxışına baxanda görürük ki, komanda turnir cədvəlinin ön sıralarında qərarlaşıb. Son beş turda qələbə qazanmasa da, bunu kubok oyunları ilə birlikdə qiymətləndirmək lazımdır. Onlar cəmi bir neçə gün əvvəl Gürcüstan Kubokunu qazanıblar və bu uğur komandanın psixoloji durumuna müsbət təsir göstərib”.
N.Qurbanovun sözlərinə görə, Gürcüstan çempionatının davam etməsi “Torpedo”nun əsas üstünlüklərindən biridir: “Artıq çempionatda 19 turun oyunları keçirilib və mövsümün yarısından çoxu arxada qalıb. Bu da o deməkdir ki, futbolçular oyun ritmindədir, fiziki baxımdan daha hazırdırlar və komanda daxilində uyğunlaşma prosesi başa çatıb. Bu mənada “Torpedo” hazırda “Zirə”dən daha hazırlıqlı görünür".
O, “Zirə”nin heyətində baş verən dəyişikliklərə də toxunub: “Bildiyiniz kimi, bu il komanda “Turan Tovuz”un əvəzinə avrokuboklarda çıxış edəcək. Ola bilsin ki, əvvəlki planlar fərqli idi. Bundan başqa, bir sıra futbolçular komandadan ayrılıb və bu da təbii olaraq mənfi amillərdən biridir”.
Bununla belə, o, Azərbaycan təmsilçisinin mərhələ adlayacağına inandığını vurğulayıb: “Ümid edirəm ki, növbəti mərhələyə yüksələn tərəf “Zirə” olacaq. Amma bunun asan baş verəcəyini düşünmürəm. Müasir futbolda zəif rəqib yoxdur və heç bir komandanı asan hesab etmək olmaz. “Zirə” yay hazırlığına yeni başlayıb və əsas oyunlardan əvvəl bir neçə yoxlama görüşü keçirəcək. Futbolçuların optimal formaya düşməsi üçün müəyyən vaxt lazımdır. İnanıram ki, komanda bu prosesi uğurla başa vuracaq və sonda cütün qalibi olacaq".
Xatırladaq ki, Nicat Qurbanov 2019-2021-ci illərdə Gürcüstanın “Samtredia”, 2015-2016 və 2017-ci illərdə isə “Zirə”nin formasını geyinib.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” ilə ilk oyununu iyulun 8-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcək. Görüş saat 20:00-da başlayacaq.